İRAN: İNSANLARI XİLAS ETMƏK ÜMİDİ GETDİKCƏ AZALIR
AZƏRTAC-ın İRNA Agentliyindən aldığı xəbərə görə, isveçrəli xilasedicilər qrupunun başçısı Roland Şlaxter də təsdiqləyərəq demişdir: Evlər elə uçmuşdur ki, onların dağıntıları arasında kiminsə sağ qala biləcəyinə əsla ümid yoxdur.
Viranedici zəlzələnin nə kimi müsibətlərə səbəb olduğu hələ tam müəyyən edilməsə də, son məlumata görə, azı 25 min insan həlak olmuşdur. Dekabrın 27-də axşamadək 5 mindən çox adam dəfn edilmişdir. Kirman ostanının valisi Məhəmməd Əli Kərimi demişdir ki, indi müəyyən rəqəm göstərmək çox çətindir, çünki həlak olanların sayı durmadan artır. Hələlik uçuqlar altından bir mindən çox adamı çıxarmaq mümkün olmuşdur.
AZƏRTAC-ın xəbər verdiyi kimi, dünya birliyi İran xalqına üz verən fəlakətə biganə qalmır. Xarici informasiya agentliklri İrana yardım göstərməyə tələsən ölkələrin sayının getdikcə artdığını bildirir. Onlardan biri də Slovakiyadır. ABŞ-ın Assoşieyted Agentliyinin yaydığı xəbərə görə, Slovakiya hökuməti İrana 35 xilaredici və itlərlə birlikdə 17 kinoloq göndərilməsi haqqında sərəncam vermişdir. Daxili işlər naziri Vladimir Palko bildirmişdir ki, Slovakiya mütəxəssisləri İran hərbçilərinin rəhbərliyi ilə işləyəcəklər.
Beynəlxalq Qızıl Xaç Komitəsi ekspertlərinin fikrincə, Bəm şəhərində zəlzələdən zərər çəkənlərə yardım üçün milyonlarla dollar gərəkdir. Komitənin fövqəladə hallar şöbəsinin rəhbəri Abbas Quit demişdir ki, bu təşkilat İrana artıq yardım göstərməyə başlamış və oraya iki min ədəd ailə çadırı, soyuq keçirməyən 30 min ədəd plastik xalça, 200 min yun adyal, 40 min səyyar mətbəx, 30 səyyar elektrik stansiyası və digər yardım göndərmişdir.