İran İslam Şurası Məclisinin sədri Bakıda keçirilən tədbiri yüksək qiymətləndirib
Bakı, 24 iyun, AZƏRTAC
İslam dünyasının birliyinə və gələcək inkişaf potensialına töhfə verən belə mühüm tədbirin Bakıda keçirilməsi qürurverici haldır. Bu nüfuzlu platformanın yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib.
O qeyd edib ki, inam və etiqadı itirmədən qarşıya qoyulan məqsədlərə və qələbəyə nail olmaq mümkündür. “İran öz təməl prinsiplərinə sadiq qalır. Təcrübə göstərir ki, diplomatiya yalnız qarşılıqlı hörmət, bərabərlik və dövlətlərin suverenliyinə ehtiram əsasında uğurlu ola bilər”, - deyə İslam Şurası Məclisinin sədri vurğulayıb.
O bildirib ki, regionun gələcəyini düşünən xalqlar öz taleləri və gələcəkləri barədə qərarları özləri verməlidir. “Regionun təhlükəsizliyi, ilk növbədə, region ölkələri tərəfindən təmin edilməlidir. Biz regionun gələcəyini əməkdaşlıqda, qarşılıqlı əlaqələrin inkişafında və dinc birgəyaşayışda görürük. İnanırıq ki, davamlı sülh və sabitliyə aparan yol birlikdən, dialoqdan və ortaq razılaşmalardan keçir”, - deyə Qalibaf əlavə edib.