İran Türkiyə-Azərbaycan hərbi-siyasi müttəfiqliyindən düzgün nəticə çıxarmalıdır - Ekspert rəyi
Bakı, 12 dekabr, AZƏRTAC
Qardaş Türkiyə ölkəmizin ən yaxın strateji müttəfiqidir və bu səbəbdən də iki dövlətin müntəzəm olaraq birgə hərbi təlimlər keçirməsinə təbii yanaşılmalıdır. Son illərdə bu təlimlər davamlı olaraq keçirilir, bəzən bu təlimlərə üçüncü dövlətlər də qoşulur. Son birgə təlimlərin regionda gedən mürəkkəb geosiyasi proseslər fonunda keçirilməsi daha böyük maraqla qarşılandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.
Ekspert qeyd edib ki, bu təlimlərdə diqqəti cəlb edən əsas məqamlardan biri də, heç şübhəsiz, təlimlərin İranla həmsərhəd bölgədə keçirilməsidir. Artıq məlumdur ki, son zamanlar İranla ölkəmiz arasında münasibətlər rəsmi Tehranın davranışları, bir sıra iranlı rəsmilərin açıqlamaları səbəbindən xeyli gərginləşib. Bu baxımdan, iki qardaş ölkənin birgə hərbi təlimləri cənub qonşumuz tərəfindən müstəqilliyimizə, ərazi bütövlüyümüzə yönələn təhdidlərə cavab kimi xarakterizə edilə bilər. İran dövləti Türkiyə-Azərbaycan hərbi-siyasi müttəfiqliyindən düzgün nəticə çıxarmalı, vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməlidir. Tehranın ölkəmizlə qarşıdurma siyasətini davam etdirməsi, ilk növbədə, onun özü faciəvi nəticələr doğura bilər.
M.Məmmədli bildirib ki, ümumiyyətlə, Azərbaycanın və Türkiyənin dərinləşən müttəfiqliyi bölgədə qarşıdurmaya deyil, qüvvələr tarazlığının formalaşmasına, təhlükəsizliyə xidmət edir. “Etnik soykök birliyi, mədəni-linqvistik yaxınlıq, maraqların ümumiliyi iki ölkəni təbii müttəfiqə çevirir, bölgədə formalaşmaqda olan yeni geosiyasi konfiqurasiya Ankara ilə Bakı arasında müttəfiqlik münasibətlərini daha da dərinləşdirməyə sövq edir, xüsusilə hərbi sahədə. Hazırda Ordumuzun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması prosesi gedir, yaxın perspektivdə bu prosesin daha da dərinləşəcəyi gözlənilir. Bu yaxınlarda Prezident İlham Əliyevin iki qardaş ölkənin vahid orduya malik olması ilə bağlı verdiyi açıqlama da dövlətlərimiz arasında hərbi-siyasi münasibətlərin hansı səviyyədə olmasının göstəricisidir. Dostlarımızı sevindirən, düşmənlərimizi məyus edən bu açıqlamanı indiki həssas məqamda aydın mesaj kimi qəbul edə bilərik”, - deyə ekspert vurğulayıb.