İrana qarşı sanksiyalara görə sosial şəbəkələrdə geniş kompaniyaya başlanılıb
Tehran, 25 mart AZƏRTAC
İranda koronavirusla mübarizə üçün yaradılan operativ qərargahın, ölkənin Səhiyyə Nazirliyinin və rəsmi şəxslərin xəbərdarlıqlarına baxmayaraq, insanlar sosial təcridə meyilli deyillər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Prezident Həsən Ruhani regionlararası əlaqələrin kəsilməsi barədə tapşırıq verib. Bu gündən şəhərlərarası avtobus və təyyarə reyslərinə məhdudiyyət tətbiq ediləcək.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Serqey Lavrov ilə telefon əlaqəsi saxlayıb. Nazirlər İranda koronavirusun yayılması və ABŞ-ın sanksiyalarının virusa qarşı mübarizəyə maneə olmasını müzakirə ediblər.
Avropa İttifaqı isə İrana virusla mübarizənin səmərəsini artırmaq üçün 20 milyon avro humanitar yardım ayırıb.
ABŞ-da sosial şəbəkələrdə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılması üçün geniş kompaniya başlayıb. “80 milyon insan üçün 80 saat” devizi ilə keçirilən kompaniyanın iştirakçıları əhalini ABŞ-ın Maliyyə Nazirliyinə zəng vurub koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İrana qarşı sanksiyaları aradan qaldırmağı xahiş etməyə çağırıblar.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın sanksiyaları daha da şiddətləndirməsi virusla mübarizə imkanlarını məhdudlaşdırır ki, bu da İranda 3,5 milyon insanın həlak olması ilə nəticələnə bilər.
Qeyd edək ki, buna bənzər kompaniya Böyük Britaniyada da sosial şəbəkələrdə aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran