İranda 24 saat ərzində 1000 nəfər koronavirusa yoluxub
Tehran, 21 mart, AZƏRTAC
İranda koronovirusdan ölənlərin sayı 1556-ya çatıb, yoluxanların sayı isə 20 min 600 nəfəri ötüb. Müalicə alan 7 min nəfər sağalaraq evə buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, ölkədə bir gündə 1000 nəfər koronavirusa yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrana müraciət edərək insanların zərurət olmadığı halda küçəyə çıxmalarının qarşısının alınmasını istəyib. Qeyd edək ki, hökumətin xəbərdarlığına baxmayaraq, Novruz bayramı ilə əlaqədar İranın bəzi vilayətlərində insanlar kütləvi şəkildə gəzməyə çıxıblar.
Ölkə ərazisindəki küçə və parkların dezinfeksiyası işləri davam etdirilir.
Qeyd edək ki, Prezident Həsən Ruhani ABŞ ictimaiyyətinə müraciət edib. Prezident koronovirusun ölkədə geniş yayıldığı bir zamanda ABŞ hökumətinin İrana qarşı sanksiyaları daha da sərtləşdirməsinə ölkə ictimaiyyətinin münasibətini soruşub.
Siyasi müşahidəçilər qeyd edirlər ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Həsən Ruhaninin məktubu təsadüfi xarakter daşımır. İran Donald Trampın yenidən prezident seçilməsini arzulamır və ABŞ ictimaiyyətinə emosional təsir göstərməyə çalışır. Ehtimal edilir ki, başqa şəxsin prezident seçilməsi sanksiyaların ən azından yumşalmasına gətirib çıxara bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran