“İRƏLİ” ÜMUMRESPUBLİKA GƏNCLƏR HƏRƏKATI “SEVGİ İLƏ İRƏLİ!” DEVİZİ ALTINDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki “İrəli” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə həyata keçirilən “Sevgi ilə irəli!” aksiyası dekabrın 23-də davam etdirilmişdir. Aksiya iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə tər gül dəstələri düzmüşlər. Sonra onlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qəhrəmanların məzarları üzərinə, şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış xatirə abidəsinin önünə gül qoymuşlar.
Gənclər “Azərbaycan” prospektindəki binaların eyvanlarına bayraqlar asmış, Dənizkənarı Milli Parkdakı saat qülləsinin yanından və Fəxri xiyabandan Bakı İdman Sarayına doğru yürüş təşkil etmişlər.
Aksiya sarayda mədəni-kütləvi tədbirlə davam etdirilmişdir. Hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı
Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, bu sahədə qəbul edilmiş müvafiq qanunlardan və dövlət proqramlarından, imzalanmış sərəncamlardan danımış, bütün bunların gənclər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığını qeyd etmişdir. 2007-ci ilin “Gənclər ili” elan olunmasının hərəkat tərəfindən bir çox mühüm tədbirlərin, görüşlərin keçirilməsinə təkan verdiyini diqqətə çatdırmışdır.
Natiq vurğulamışdır ki, Hərəkatın ətrafında birləşmiş 5 mindən çox gənc Prezidentimizə ehtiramlarını “İlhamla irəli” adlı möhtəşəm aksiya ilə bildirirlər. “Sevgi ilə irəli!” bu aksiyanın tərkib hissəsidir. C.Osmanlı xatırlatmışdır ki, hərəkat yarandığı iki il ərzində 500- dən çox müxtəlif tədbirlər, layihələr həyata keçirmişdir.
Azərbaycan incəsənət ustalarının çıxışları maraqla qarşılanmışdır.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov iştirak etmişdir.