İşəgötürənlərlə əməkdaşlığın qurulması peşə təhsilinin inkişafı üçün əsas prioritetlər sırasındadır
Bakı, 18 iyul, AZƏRTAC
Müxtəlif sahələrdən olan işəgötürənlərlə sıx əməkdaşlığın qurulması peşə təhsilinin inkişafının təmini üçün əsas prioritetlərimiz sırasındadır.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov Avropa İttifaqı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT İP-nin təşkilatçılığı ilə keçirilən “Dual peşə təhsil proqramı”nın yekunlarına həsr olunmuş tədbirdə səsləndirib.
Onun sözlərinə görə, “Dual peşə təhsil proqramı”nın əsas məqsədi ötən tədris ilində iş yerində öyrənmə modelinin tətbiqinə dair nəticələrlə bütün maraqlı tərəfləri məlumatlandırmaq, işəgötürənlərlə və peşə təhsil müəssisələrinin pedaqoji heyəti ilə növbəti addımları müzakirə etmək olub.