İsmayıllıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
Bakı, 19 iyul, AZƏRTAC
İsmayıllıda ətraf mühitin mühafizəsi tələbləri pozulduğuna görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbir keçirilib.
Nəzarət tədbiri zamanı rayonun Keyvəndi kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb. Faktla bağlı həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb edilib.