İsmayıllıda “Koronavirusla mübarizədə biz” adlı tədbirə start verilib
İsmayıllı, 27 mart, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin gənc fəalları və könüllüləri “Koronavirusla mübarizədə biz” adlı tədbirə start veriblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir çərçivəsində fəal gənclər və könüllülər sakinlərə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın göstəriş və tövsiyələri əsasında hazırlanan broşüralar paylayır, 65 yaşdan yuxarı sakinlərin evlərinə gedərək onlara hərtərəfli dəstək olurlar.
“Koronavirusla mübarizədə biz” tədbiri rayonun iri yaşayış məntəqələrindən olan Lahıc qəsəbəsində də sakinlər tərəfindən razılıqla qarşılanıb. 5 nəfər könüllü Lahıc qəsəbə və Ərəgit kəndlərində vətəndaşlara bir gündə 500 broşüra paylayıb, onlarla maarifləndirici söhbətlər ediblər.