REGİONLAR
İsmayıllının üzüm bağlarında yazlıq becərmə işləri davam edir
İsmayıllı, 24 mart, AZƏRTAC
İsmayıllı rayonunun üzüm bağlarında yazlıq becərmə işləri davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bağlarda cərgə aralarının şumlanması yekunlaşıb. Hazırda plantasiyalarda quru bağlama işləri görülür ki, bu tədbir də başa çatmaq üzrədir. Təkcə quru bağlamada 150 nəfərdən çox işçi qüvvəsi çalışır. Zərərvericilərə qarşı mübarizə məqsədilə üzüm gövdələrinin əhənglənməsi də davam edir.
Qeyd edək ki, üzümçülük rayonda aqrar sektorun ənənəvi sahələrindəndir. Hazırda plantasiyaların sahəsi 1123 hektara çatdırılıb ki, bunun da 1021,9 hektarı bar verəndir. Təkcə ötən il bağlardan 4436 ton məhsul götürülüb. Bu da əvvəlki illə müqayisədə 312 ton və ya 7,7 faiz çoxdur.
Rayonda üzümçülüklə məşğul olan “Monolit FT“, “Kənd”, “Aspiland” MMC-lər təsərrüfatın bu sahəsinin inkişafında çox maraqlıdırlar. Təsadüfi deyildir ki, 200 hektar bağa sahib olan “Kənd” MMC plantasiyaların sahəsini genişləndirərək son bir ildə 30 hektarda texniki sortlu yeni bağ salıb.