İspaniyanın erməni separatizminə dəstək verməsi Azərbaycanın suverenliyinə hörmətsizlikdir
Bakı, 15 avqust, AZƏRTAC
İspaniyanın özünün separatizmdən əziyyət çəkməsi bütün dünyaya məlumdur. Belə olan halda, bu ölkənin erməni separatizminə dəstək verməsi riyakarlıqdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat İspaniyanın Rusiyadakı səfirliyinin Qarabağdakı erməni separatçılarına yardım göstərməsi ilə bağlı açıqlamasını beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik kimi qiymətləndirib.
“Xatırlatmaq lazımdır ki, 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendumda iştirak edənlərin 90 faizindən çoxu müstəqilliyə səs vermişdi. Bunun ardından Kataloniya parlamenti bölgənin müstəqilliyini elan etmişdi. İspaniyanın müvafiq dövlət qurumları isə referendumun nəticələrini ləğv etdi və separatçılara qarşı sərt addımlar atdı. O zaman Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın ərazi bütövlüyünə dəstək vermişdi. Amma bu gün İspaniyanın Rusiyadakı səfirliyi beynəlxalq hüququn prinsiplərini kobudcasına pozaraq Qarabağ separatçılarına açıq dəstək nümayiş etdirir”, - deyə F.Yıldırım diqqətə çatdırıb.
Onun sözlərinə görə, öz ərazisində separatizmə qarşı ən sərt addımlar atan İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi prinsipsizliyi nümayiş etdirir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün dünya respublikamızın ərazi bütövlüyünü tanıyır. Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüququn normalarına əsaslanır.
“Azərbaycan öz ərazisində separatizmə imkan verməyəcək. Öz ərazisində separatizmə qarşı sərt addımlar atan İspaniyanın Qarabağda erməni separatçılarına dəstək verməsi beynəlxalq hüququn normalarına qarşı hörmətsizlikdir. Bu ölkə belə riyakar davranışlarına son qoymalıdır. Rəsmi Madrid unutmamalıdır ki, bu davranış İspaniyada separatizmin yenidən alovlanmasına təsir göstərə bilər", - deyə Fatma Yıldırım vurğulayıb.