İsraildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilmişdir
Bakı, 31 dekabr (AZƏRTAC). İsraildəki Azərbaycan diasporunun Əlaqələndirmə Şurası Netaniya şəhərində, “Bakı məhəlləsi” adlı Azərbaycan şadlıq salonunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli tədbir keçirmişdir.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənmişdir. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti gurultulu alqışlarla qarşılanmışdır.
İsraildəki Azərbaycan diasporunun Əlaqələndirmə Şurasının nümayəndəsi, beynəlxalq münasibətlər üzrə mütəxəssis Arye Qut bildirmişdir ki, azərbaycanlılar və əslən Azərbaycandan olanlar dünyanın hər yerində Azərbaycan mədəniyyətinin layiqli daşıyıcıları olmalıdırlar.
A.Qut bu bayramın tarixi üzərində ətraflı dayanaraq vurğulamışdır ki, dekabrın 31-i Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Onun sözlərinə görə, Azərbaycanın xarici əlaqələrinin genişlənməsi, dünyada Azərbaycan diaspor təşkilatlarının yaradılması və möhkəmlənməsi, həmvətənlərin tarixi Vətənlə əlaqələrinin inkişafı Azərbaycan rəhbərliyinin yeritdiyi siyasətin ayrılmaz hissəsidir. Natiq qeyd etmişdir ki, Əlaqələndirmə Şurası humanitar xarakterli iri layihələr həyata keçirməklə həqiqi və real Azərbaycan diaspor təşkilatı qurmağı qarşısına məqsəd qoymuşdur.
A.Qut Azərbaycan və yəhudi xalqlarının qarşılıqlı münasibətlərini həqiqi dostluq nümunəsi adlandıraraq bildirmişdir ki, Azərbaycanda yəhudilər 2 min ildən çox müddət ərzində yaşamalarına baxmayaraq, heç vaxt dini zəmində təqiblərə və təhqirlərə məruz qalmamışlar.
Natiq vurğulamışdır ki, Azərbaycanda antisemitizm yoxdur və heç vaxt da olmamışdır. Diqqətəlayiq haldır ki, əslən Azərbaycandan olan vətəndaşlarımız 10-15 ildən yuxarı İsraildə yaşamalarına və əsl israilli olmalarına baxmayaraq, öz köklərini, köçüb getdikləri ölkənin mədəniyyətini, dilini, ənənələrini unutmurlar.
A.Qutun sözlərinə görə, Azərbaycan diasporunun əsas məqsədlərindən biri İsrailin siyasi elitasını Azərbaycanla, onun zəngin tarixi və mədəniyyəti ilə tanış etmək, habelə Azərbaycan xalqının tarixi günləri münasibətilə tədbirlər təşkil etmək məqsədi ilə təbliğat işi aparmaqdır.
Əlaqələndirmə Şurasının təşkilatçılarından biri və təmsilçisi Rüfət Nadir tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan diasporunun həll etməli problemləri çoxdur. Azərbaycan xalqının milli adət-ənənələrinin, dilinin və mədəni irsinin qorunub saxlanması, burada yaşayan azərbaycanlılara hüquqi və sosial yardım, habelə onların İsrail cəmiyyətinə inteqrasiya olunmalarına dəstək göstərilməsi bu qəbildən olan problemlərdəndir.
Rüfət Nadirin fikrincə, milli birliyə nail olmadan tərəqqi, sabitlik və inkişaf mümkün deyildir. Bu baxımdan İsraildə azərbaycanlıların və əslən Azərbaycandan olanların həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. O demişdir: “Bu, zamanın tələbi və çağırışıdır. Lakin həmvətənlərimizin İsrail cəmiyyətinə fəal inteqrasiyası, onların cəmiyyət üçün aktual problemlərin həllində iştirakı hələlik kifayət qədər yüksək və arzuolunan səviyyədə deyildir”.
İsraildəki Azərbaycan diasporunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil etdiyi təntənəli tədbirdə diasporumuzun görkəmli nümayəndələri iştirak etmişdir. Əsrarəngiz Azərbaycan musiqisi, müasir Azərbaycanın sürətli inkişafını əks etdirən videoçarxların nümayişi , “Bakı məhəlləsi” şadlıq salonunun təqdim etdiyi milli təamlarla müşayiət olunan bu tədbir əsl Azərbaycan birliyi və həmrəyliyi bayramı idi.