SİYASƏT
İsraildə əslən Azərbaycandan olan rəssamların sərgisi böyük müvəffəqiyyətlə keçirilmişdir
Bakı, 4 noyabr (AZƏRTAC). İsraildə əslən Azərbaycandan olan israilli rəssamların Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşkilatçılığı ilə keçirilmiş sərgisi başa çatmışdır.
“Azİz” Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rəssamların Afula şəhərinin Mədəniyyət Sarayında təşkil edilmiş sərgisi Azərbaycanın müstəqilliyinə həsr olunmuş və İsraildə Azərbaycan Günləri çərçivəsində keçirilmişdir. Sərgini ilk görənlər Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş təntənəli konsertin iştirakçıları olmuşlar.
İstedadlı rəssamların sevgi dolu işləri ifadəliliyi və gözəlliyi ilə sənət xiridarlarının diqqətini cəlb etmişdir.
Sərgidəki bütün əsərləri xüsusi Şərq hərarəti və hazırda İsrail vətəndaşı olan, doğulduqları torpağa, Azərbaycan torpağına bağlılıqlarını itirməyən insanların bakılılara xas olan bənzərsiz səmimiyyəti birləşdirmişdir. İsrailin şimalında məskunlaşmış Boris Salkoviçin işlərində təsvir olunan İçərişəhərin dar küçələri, eləcə də onun “Narlar” və “Qız qalası” əsərləri çoxsaylı tamaşaçıların diqqətini cəlb etmişdir. Rəssam Larisa Şaturanın “Lalələr”i təkrarsız təsirə malik zərifliyi ilə tamaşaçıları cəlb etmişdir. Rəssam Ninel Şaxovanın “Yasəmənlər” və nikbin bahar romantizmi ilə dolu digər işləri əsrarəngiz ahəng yaratmışdır.
Qeyri-adi florist Tanya Rudnik qalın kətan üstündə təbii çiçəklərdən əsər yaratmaq üçün xüsusi, yalnız onun özünə məlum olan texnika ustasıdır.
Rəssam Emil Qavrilov da Azərbaycanla bağlı düşüncələrini bölüşmüşdür. Onun əsərlərində istər paytaxtımızın, istərsə də Azərbaycanın mənzərəli dağ və dərələrinin gözəlliyi təsvir olunmuşdur. Onun ustalıqla yaratdığı, bu üslubda yeganə olan “Canavar” əsəri xüsusi marağa səbəb olmuş, realizmi və ifadəliliyi ilə fərqlənmişdir.
Sərgi buraya gələnlərdə böyük maraq oyatmış, israillilərin Azərbaycanı tanımasında yeni səhifə açmış, eləcə də iki dost ölkənin yaxınlaşmasında növbəti addım olmuşdur.