İSRAİLİN MÜDAFİƏ NAZİRİ “HİZBULLAH”IN RUSİYA İSTEHSALI OLAN MÜASİR SİLAHDAN İSTİFADƏ ETDİYİNİ BİLDİRİR
Peres avqustun 9-da Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşdə demişdir: “Əvvəllər bizə söz vermişdilər ki, bu komplekslər “Hizbullah”ın əlinə keçməyəcək, lakin indi onlardan Livanda İsrail əsgərlərinə qarşı istifadə edirlər”.
“Yediot Ahronot” qəzetinin internet saytında dərc olunmuş sitatın düzgünlüyünü “Novosti”nin müxbirinə müdafiə idarəsi başçısının aparatında təsdiqləmişlər.
Bazar günü həmin mövzuda məqalə “Haarets” qəzetinin səhifələrində də verilmişdir. Qəzet kəşfiyyat idarəsindəki mənbələrə istinadla yazır ki, yaraqlılar RPQ-29 tank vuran əl qumbaraatanlarından istifadə edirlər, onları Rusiya Suriyaya satmış, buradan isə “Hizbullah”ın əlinə keçmişdir.
RPQ-29 silahından açılan atəş İsrailin “Merkava” tanklarının qalın zirehini deşməyə qadirdir. “Hizbullah”çılar müxtəlif tipli qumbaraatanlardan düşmənin sığınacaqlarda olan canlı qüvvəsinə qarşı da səmərəli istifadə edirlər.
“Hizbullah”da Rusiya istehsallı tank vuran müasir komplekslər, o cümlədən RPQ-29 qumbaraatanları olduğu barədə İsraildə hələ keçən ilin noyabrında, yaraqlılar İsrail qoşunlarının Racar kəndindəki mövqelərinə hücum etdikdən sonra danışmağa başlamışdılar.
“Haarets”in məqaləsində deyilir: “O vaxt İsrail raketlərdən birinin arxa hissəsini yoxlamaq üçün onu Rusiyaya vermişdir. Rusiya cavab vermişdir ki, seriya nömrəsi olmadan tank vuran qumbaraatanın Suriyaya satılmış silahlara aidiyyəti barədə qəti bir şey deyə bilməz”.