İQTİSADİYYAT
İstanbulda Qadın Sahibkarlar Komitəsinin görüşü olub
Bakı, 1 iyun, AZƏRTAC
Mayın 31-də Türk Ticarət və Sənaye Palatası nəzdində Qadın Sahibkarlar Komitəsinin sədrinin rəhbərliyi ilə İstanbulda komitənin növbəti görüşü təşkil olunub. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva Türkiyə səfəri zamanı komitənin Türkiyə və Qırğızıstan nümayəndələri ilə görüşü təşkil edilib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, üç dövlətin qadın sahibkarları komitənin cari ilin 6 aylıq fəaliyyətini və növbəti 6 ay üçün planlaşdırılan tədbirlər planını müzakirə ediblər. İşgüzar görüşdə komitə sədri tərəfindən ölkələrin qadın sahibkarlarının inkişafının stimullaşdırılması üçün komitə tərəfindən bir çox yeni layihələrə start veriləcəyi vurğulanıb.
Eyni zamanda, komitə sədri qeyd edib ki, türk ölkələrində qadın sahibkarlar üçün əlverişli hüquqi baza mövcuddur, dövlətlər tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır. Həmçinin onlara iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirilir.