SİYASƏT
İstanbulda “Qaspiralı İsmayıl və Turan Yazgan” mövzusunda konfrans
Türk Dünyası Araşdırmaları Vakfi (TDAV) türkçülüyük və turançılıq ideyalarının gerçəkləşməsində tarixi xidmətlər göstərmiş İsmayıl bəy Qaspiralının vəfatının 100 illiyinə həsr olunmuş konfrans təşkil edib.
İstanbul Universitetinin Avrasiya Araşdırmaları İnstitutunda keçirilən “Qaspiralı İsmayıl və Turan Yazgan” mövzusunda konfransda professor İsmayıl Yakıtın məruzəsi dinlənilib.
Qaspiralı İsmayıl və Turan Yazganı birləşdirən ortaq dəyərlərdən bəhs edən məruzəçi İsmayıl bəy Qaspiralının vaxtilə söylədiyi “Dildə, fikirdə, işdə birlik” amallarını və XX əsrin 80-ci illərindən başlayaraq türkdilli ölkələr arasındakı praktik əməkdaşlığın qurulmasına böyük töhfələr vermiş Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazganın həyat və fəaliyyəti arasında paralelləri iştirakçılara çatdırıb.
Konfransda çıxış edən İsmayıl bəy Qaspiralının nəvəsi Gülnarə Yusifqızı belə bir konfransın təşkilinə görə Türk Dünyası Araşdırmaları Vəqfinə təşəkkür edərək, türkdilli ölkələri İ.Qaspiralı və T.Yazganın fikir və ideyalarının həyata keçirilməsi naminə daha da sıx əməkdaşlığa dəvət edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul