“İSTİQLAL” MUZEYİNDƏ XATİRƏ GECƏSİ
Muzeyin direktoru Azadə Hüseynovanın giriş sözündən sonra təntənəli gecənin iştirakçıları Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla andılar.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ümummilli liderimizin dövlət xadimi kimi, qeyri-adi keyfiyyətlərini – uzaqgörənliyini, ölkəni mürəkkəb vəziyyətlərdən çıxarmaq, idarə etmək məharətini xatırlatdı, Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqını, dövlətini fəlakətdən xilas etdiyini vurğuladı.
Milli Məclisin deputatı, professor Yaqub Mahmudov dedi ki, tədbir “Müasir Azərbaycan” salonunda təsadüfən keçirilmir, çünki müasir Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir. O, ümummilli liderimizi dünyanın Corc Vaşinqton, Şarl de Qoll, Cəvahirləl Nehru kimi görkəmli dövlət xadimləri ilə müqayisə edərək vurğuladı ki, xalq bu qeyri-adi şəxsiyyətin rolunu hələ tam dərk etməmişdir. Heydər Əliyevin fəaliyyətinin və təşəbbüslərinin həqiqi dəyərini Azərbaycan onilliklərdən sonra duyacaqdır. Heydər Əliyev hüquqi, demokratik dövlət yaradaraq, onun dünya birliyinə daxil olmasına yol açmışdır.
Bakı Özəl Türk Litseyinin şagirdi Rauf Mahmudlu Zəlimxan Yaqubun ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi şeri musiqinin müşayiəti ilə söylədi. Gecənin əvvəlində və yekun hissəsində Bülbül adına musiqi məktəbinin şagirdləri müasir Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdilər.