İTALİYA AZƏRBAYCANA BÖYÜKMARAQ GÖSTƏRİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə və əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Covanni Kesler İtaliyanın Azərbaycana böyük maraq göstərdiyini xüsusilə qeyd edərək, ölkəmizin mədəniyyəti, iqtisadiyyatı, tarixi və onun üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə informasiya mübadiləsi aparılmasının, ikitərəfli elmi konfransların, seminarların, mədəniyyət günlərinin təşkilinin zəruri olduğunu bildirmişdir.
Nazir Vilayət Quliyev İtaliya ilə Azərbaycan arasındakı əlaqələri yüksək qiymətləndirərək, hər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə bundan sonra da inkişaf etdirilməsinin, Azərbaycan haqqında həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılmasının ölkəmizin bu yaxınlarda İtaliyada fəaliyyətə başlamış səfirliyinin qarşısına qoyduğu məqsədlərdən biri olduğunu bildirmişdir.
Azərbaycanın xarici siyasət idarəsinin başçısı daha sonra regiondakı vəziyyətə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun ölkəmizə vurduğu ziyan və azərbaycanlı qaçqınların üzləşdiyi ağır vəziyyət barədə qonağa ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi olmuşdur.