SİYASƏT
İtaliya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
Roma, 14 dekabr, AZƏRTAC
Ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Romadakı La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçirilib.
Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti Daniel Pommier, İtaliyanın Trento şəhərindəki Azərbaycan Tədqiqatları Mərkəzinin rəhbəri Fernando Orlandi və başqaları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Geniş müzakirələrin aparıldığı tədbirdə münaqişənin tarixi, səbəbləri, həlli istiqamətində atılan addımlar, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tənzimlənməsi məsələləri təhlil olunub. Diqqətə çatdırılıb ki, münaqişəyə dair həqiqətləri İtaliya ictimaiyyətinə çatdırmaq baxımından bu cür tədbirlərin keçirilməsi vacibdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma