İtaliya saytında Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
Vatikan, 15 iyun, AZƏRTAC
İtaliyanın “Gazzetta Diplomatica” informasiya agentliyində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, səfir məqaləsində cari il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu, həmçinin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini bildirib. Qeyd edib ki, 1960-cı illərin sonlarından başlayaraq bu günə qədər Azərbaycanın tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi 1969-cu ildən 1982-ci ilədək Azərbaycan Respublikasında mədəni inkişaf və yeniləşmə illəri olub.
Vurğulanıb ki, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz Ulu Öndərin adı ilə bağlıdır. Müstəqilliyin bərpasından sonra, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib, həmin il iyulun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb, 1993-cü il oktyabrın 3-də isə Prezident seçilib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yenidən yüksəliş dövrünə qədəm qoydu, Avropa və dünya üçün etibarlı tərəfdaşa, eləcə də multikulturalizm və birgəyaşayış modelinə çevrildi. Ulu Öndər Heydər Əliyevin xarici siyasətinin ən mühüm nailiyyətlərindən biri imzalanmış bütün strateji müqavilələrlə yanaşı, 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv olması və Avropa ailəsinə inteqrasiyası olub.
Diplomat Ulu Öndərin təməlini qoyduğu enerji strategiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və daha da genişləndirildiyini bildirib. Vurğulayıb ki, ölkəmiz hazırda regionda və Avropada alternativ enerji resurslarının əsas mənbəyi və ixracatçısına çevrilib. Təbii qazın Türkiyə və Cənubi Avropaya ixracına zəmanət verən Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP boru kəməri də bu kimi perspektivli layihələrin məntiqi nəticəsidir.
İ.Muxtarov 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ilk prezidenti kimi İtaliyaya rəsmi səfəri çərçivəsində Vatikanda mühüm görüşlər keçirdiyini, Papa II İohan Pavelin 2002-ci ildə və Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfər etdiklərini, bu illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərlərinin olduğunu xatırladıb. Bildirib ki, Azərbaycan-Vatikan əlaqələri qarşılıqlı hörmətə, dialoqa, birgə əməkdaşlığa və ortaq maraqlara əsaslanır. Həmçinin Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda mədəni və bədii irsin mühüm nümunələrinin bərpası layihələri həyata keçirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan