“İxrac icmalı”: Altı ayda Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları olub
Bakı, 7 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub.
Altı ayda spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1 faiz, meyvə-tərəvəz ixracı isə 6,8 faiz artıb.
Hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1 faiz artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1 faiz artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.
Bu ilin iyun ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 307,6 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 4,9 faiz artaraq 125,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 20,8 faiz artaraq 182,1 milyon ABŞ dollarına bərabər olub.