İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasının xarici siyasəti” proqramı üzrə keçirilən kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Tədrisin əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin bərpası və onun beynəlxalq əlaqələr sisteminə inteqrasiyası, beynəlxalq aləmdə ölkəmizin coğrafi-siyasi yeri və rolu, müasir şəraitin aparıcı meylləri və dövlət müstəqilliyimizin qorunması problemləri və digər sahələrdə bilikləri sistemləşdirmək, eyni zamanda dinləyicilərə yeni bilik verməkdir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizin Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət xətti və onun bəhrələri, eləcə də respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, müasir mərhələdə Azərbaycan-ABŞ münasibətləri və digər məsələlər tədris-tematik planda əhatə olunmuşdur.
Kurslarda Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov, tanınmış alim və mütəxəssislər dinləyicilər qarşısında xarici siyasətin müasir problemlərinə dair məruzələrlə çıxış etmişlər.