Kaliforniya Universitetinin əməkdaşı Biofizika İnstitutunun seminarında məruzə ilə çıxış edib



Bakı, 5 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin əməkdaşı fəlsəfə doktoru Novruz Əhmədov “ZBED4 çatışmamazlığı hüceyrə morfologiyasını, PNR itirilməsi isə sayını dəyişir. Həqiqət, yoxsa uydurma?” mövzusunda məruzəsi ilə çıxış edib. Məruzəçi mövzu ilə bağlı çoxsaylı nümunələr gətirərək elmi tədqiqatın növləri, xüsusiyyətləri, elmi-praktik əhəmiyyəti və tərkib hissələri barədə ətraflı məlumat verib.
Məruzəçi qeyd edib ki, ZBED4, Zn-barmaq zülalların BED subsinfinin üzvüdür. Onun ardıcıllığında dörd DNT birləşmə domeni və dimerləşmə sahəsi var. İnsanın torlu qişasında ZBED4 kolbacıqların nüvə, daxili seqment və ayaqcıqlarında, habelə Müller hüceyrə ayaqaltında (endfeet) məskunlaşır. Yetkin siçanın torlu qişasında ZBED4 yalnız Müller hüceyrələrinin ayaqaltı və çıxıntılarında aşkar edilib. ZBED4 hər iki DNT VƏ RNT mənşəli və ən azı ardıcıl 5G olan oligonükleotidlərlə birləşir. Hüceyrədə dimerlər yaradır. Lusiferaza təhlil sisteminin tətbiqi göstərir ki, ZBED4 transkripsiyanı aktivləşdirmə keyfiyyətinə malikdir.
Məruzə dinlənildikdən sonra AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor İlham Şahmuradov, biologiya elmləri doktoru, professor Tokay Hüseynov, biologiya elmləri namizədi Taleh Yusifov, Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova və digərləri çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.