Kaluqalı sahibkarlar öz məhsullarını Azərbaycanda təqdim edəcəklər
Bakı, 31 may, AZƏRTAC
Rusiya Federasiyası Kaluqa vilayətinin İqtisadi İnkişaf və Sənaye Nazirliyi və Kaluqa vilayətinin İxraca Dəstək Mərkəzi iyunun 7-8-də Kaluqa şirkətlərinin Azərbaycana beynəlxalq işgüzar missiyasını təşkil edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu missiyanın məqsədi Azərbaycan və Rusiya şirkətləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Tədbir “Kiçik və orta sahibkarlıq, fərdi sahibkarlıq təşəbbüsünün dəstəklənməsi” adlı Rusiya layihəsinin reallaşdırılması çərçivəsində həyata keçiriləcək.
İşgüzar missiyada Kaluqa vilayətinin tikinti sektorunu, tibbi avadanlıq, həmçinin detalların bərpası və təkmilləşdirilməsi üçün emal texnologiyaları ixracatçılarını təmsil edən dörd şirkət (“Liston”, “Obninsk Stal Proyekt”, “TMP”, “Bazis Holdinq” məhdud məsuliyyətli cəmiyyətlər) iştirak edəcək.
Biznes-missiya çərçivəsində Azərbaycanda həmin missiyanın iştirakçılarının profillərinə uyğun müəssisələrdə ikitərəfli görüşlər təşkil ediləcək.