Kanada Latviyada hərbi mövcudluğunu iki dəfə artıracaq
Bakı, 11 iyul, AZƏRTAC
Kanada Latviyada hərbi mövcudluğunu iki dəfə artıracaq və NATO çərçivəsində bu ölkənin hərbi infrastrukturunun inkişafına mühüm investisiyalar yatıracaq.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Kanadanın Baş naziri Castin Trüdo latviyalı həmkarı Arturs Krişyanis Karinşlə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.
"Bu gün biz Latviyadakı mövcudluğumuzu iki dəfədən çox artırmaq qərarına gəldik. Kanada Silahlı Qüvvələrinin 1200-ə qədər hərbi qulluqçusunu əlavə olaraq bu ölkəyə göndərəcəyik", - deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, Latviyada hərbi infrastrukturun inkişafına əlavə investisiyaların ümumi həcmi 2,6 milyard dollar təşkil edəcək. Xüsusilə, smetaya kritik silah sistemlərinin alınması, həmçinin kəşfiyyat dəstəyi və kibertəhlükəsizlik tədbirləri daxildir.
Kanada və Latviyanın müdafiə nazirləri Anita Anand və İnara Murniece döyüşə hazır briqada yaratmaq üçün Latviyada kanadalı hərbçilərin sayının artırılması haqqında sazişi imzalayıblar.