Kartofçuluqla məşğul olan sahibkarlarla suvarma və sığortaya dair fikir mübadiləsi aparılıb
Bakı, 27 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə regionlarda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla görüşlər davam edir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Şamaxı, Yardımlı və Qazax rayonlarında 80-ə yaxın sahibkarın iştirakı ilə görüşlər keçirilib. Qazax və Yardımlı rayonlarında kartofçuluqla məşğul olan sahibkarlarla keçirilmiş görüşlərdə fermerlərin çətinlikləri dinlənilib, suvarma, sahənin sığortalanması, eləcə də dövlət dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirlərdə iştirak etmiş aidiyyəti qurumların nümayəndələri fermerlərin suallarını cavablandırıb, təşəbbüslərinə dair müzakirələr aparıblar.
Şamaxı rayonunun Meysəri kəndində fəaliyyət göstərən sahibkarın təsərrüfatında keçirilmiş görüşdə isə sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı fikir mübadiləsi edilib. Sahibkarlara Sahibkarlığın İnkişafı Fondu və digər dövlət qurumlarının xətti ilə verilən güzəştli kreditlər, eləcə də biznesin maliyyələşdirilməsinə dair digər dəstək alətləri barədə məlumat verilib.
Görüşdə sahibkarların çətinlikləri və təşəbbüsləri dinlənilib, sualları cavablandırılıb. Həmçinin sahibkarlar təsərrüfatla tanış olub, təcrübə mübadiləsi aparıblar.