RƏSMİ XRONİKA
“KARVAN” FUTBOL KLUBU STADİONUNUN AÇILIŞI
Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Yevlax şəhərində “Karvan” futbol klubu stadionunun açılışı olmuşdur.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi.
2004-cü ildə tikintisinə başlanmış bu stadionda 7 min tamaşaçı yeri var. Klub ölkə çempionatının oyunlarını burada keçirir. Stadion müasir standartlara uyğundur və burada beynəlxalq səviyyəli yarışların keçirilməsi mümkündür. Rayonda bu idman obyektindən əlavə, daha 3 stadion da var.
Prezident İlham Əliyev futbolçularla görüşüb söhbət etdi. O dedi:
Mən sizi bu gözəl stadionun açılışı münasibətilə təbrik edirəm. Gərək belə gözəl şəraitdə yaxşı oyun nümayiş etdirəsiniz. Mənə deyirlər ki, “Karvan” komandası çempionatda yuxarı pillələrdədir. Çox yaxşı. Görürəm ki, burada xarici oyunçular da var. Yəqin ki, onlar da yaxşı nümunə və bacarıqlarını göstərirlər. Əlbəttə, biz çalışmalıyıq ki, yerli, gənc futbolçular daha da çox yetişsinlər. Təəssüflər olsun ki, milli komandamız bizi sevindirmir. Klublar daha yaxşı oynayırlar. Klubların güclənməsi yəqin ki, milli komandanın da güclənməsinə gətirib çıxaracaqdır. Sizi bir daha təbrik edirəm və arzu edirəm ki, şəhərinizin idman şöhrətini yüksəklərdə
saxlayasınız.
X X X
Sonra dövlətimizin başçısı onbirmetrlik cərimə zərbəsi nöqtəsindən topu qapıya vurdu.