Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi beynəlxalq yay məktəbində iştirak edib
Bakı, 20 iyul, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Samirə Süleymanova Dayanıqlı Kimya Beynəlxalq Əməkdaşlıq Mərkəzi tərəfindən elan edilmiş səfər qrantının qalibi olub və Almaniyanın Lüneburq universitetində keçirilmiş “Dayanıqlı inkişaf üçün dayanıqlı kimya” 9-cu beynəlxalq yay məktəbində iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
S.Süleymanova müvafiq proqram çərçivəsində Almaniya, İtaliya, İsveç, Hindistan, Tailand və digər ölkələrin tədqiqatçıları ilə birgə dayanıqlı kimya istiqamətində aparılmış müzakirələrə və elmi debatlara qatılıb, “Holcim” şirkətinin gündəlik iş prinsipi ilə tanış olub və elmi məruzə ilə çıxış edib.