Kembricdə nəşr olunan kitabın bir fəslinin müəllifi azərbaycanlı alimdir
Bakı, 27 avqust, AZƏRTAC
Beynəlxalq “Cambridge Scholars Publishing” akademik nəşriyyat evi Avrasiya kurqanları və meqalitlərinə həsr olunmuş tədqiqat əsərini çap edib. Əsərin 12-ci fəslinin müəllifi AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, P.Qasımov Tovuz bölgəsindəki Topdağdağan kurqanlarının timsalında Orta Tunc dövrünün sonunda və Erkən Dəmir dövründə Avrasiyadakı Srubnaya, Cənubi Uraldakı erkən iskit və Mərkəzi Asiyadakı erkən sak mədəniyyətlərinin kurqanları arasında konstruktiv oxşarlıqları qeyd edib və bu analogiyaların mənbələri probleminin elm qarşısında durduğunu göstərib.
Dünyanın 16 ölkəsindən 74 müəllif əsər üzərində çalışıb. Əsərdəki 31 fəslin hər biri müxtəlif ölkədən olan alimlər tərəfindən yazılıb. Beynəlxalq elmi kollektivin əməyinin birgə nəticəsi olan bu nəşrdə tarix, arxeologiya, antropologiya və mədəni irs sahələrində çalışan tədqiqatçılar üçün aktual olan regional xüsusiyyətlərin rəngarəngliyi, nəzəri perspektiv və elmi yanaşmalar təqdim edilir.
Zəngin illüstrasiyalara malik əsər itmiş mədəniyyətlər, erkən dini baxışlar və qədim memarlıq üzrə Portuqaliyada təşkil olunmuş beynəlxalq konqresə təqdim olunan yeni tədqiqatları əks etdirir.
İngilis dilində olan əsər dünya üzrə universitetlər, elmi-tədqiqat mərkəzləri və ixtisaslaşmış kitabxanalar üçün nəzərdə tutulub.