İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medallar və vəsiqələr təqdim olunub
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 24 iyun tarixli 171 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov kənd təsərrüfatının daha da inkişafı məqsədilə dövlət tərəfindən çox böyük dəstək tədbirlərinin həyata keçirildiyini bildirib. Nazir bu gün aqrar sahədə əldə edilən uğurların və nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.
Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərildiyi, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 2024-cü il 24 iyun tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.
Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin Dövlətimizin başçısının Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyini xatırladan nazir Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezidentin imzaladığı Sərəncamla təltif olunan nazirlik əməkdaşları fəaliyyətlərinə verilən yüksək dəyərə görə dövlətimizin başçısına təşəkkür ediblər.
Sonra təltif edilmiş nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim olunub.