Kəngərli rayonunun 3 kəndi və 1 qəsəbəsində rabitə xidmətlərində fasilələr yaranıb
Bakı, 14 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Qarabağlar, Xok, Şahtaxtı kəndlərində mövcud avtomat telefon stansiyalarında ümumilikdə 8 ədəd platanın yanması nəticəsində abonentlərə təqdim edilən rabitə xidmətlərindən istifadə də fasilələr yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, nazirliyin mühəndisləri tərəfindən profilaktik tədbirlər həyata keçirilmiş, yaranmış texniki nasazlıq aradan qaldırılıb.
“Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən sakinlərin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunması hər zaman diqqətdə saxlanılır və bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir”, - deyə məlumatda qeyd olunub.