Kəngərlidə işçinin ölüm faktına görə şirkət rəhbərinə ittiham elan olunub
Bakı, 14 avqust, AZƏRTAC
“ARKOZ Travertin Mərmər Zavodu” MMC-yə (keçmiş adı “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC) məxsus, Kəngərli rayon ərazisində yerləşən Qarabağlar Daş Ocaqlarında 2021-ci il fevralın 22-də iş vaxtı insan ölümü ilə nəticələnən hadisəyə dair araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, toplanmış material Baş Prokurorluqda öyrənilib, qəbul edilmiş qərar ləğv edilərək hadisə yenidən araşdırılıb və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmaqla Kəngərli Rayon Prokurorluğu tərəfindən istintaq aparılıb.
İstintaqla, Qarabağlar Daş Ocaqlarının həmin dövrdə və hazırkı müdiri Məhərrəm Zeynalovun texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan operator işləmiş Elnur Ələkbərovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Məhərrəm Zeynalov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunub və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.