RƏSMİ XRONİKA
KƏRİM KƏRİMOVUN 90 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ilin noyabr ayında görkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Əli oğlu Kərimovun anadan olmasının 90 illiyi tamam olur.
Kosmik-raket sistemlərinin yaradılması və kosmonavtikanın inkişafında xüsusi xidmətlər göstərmiş Kərim Kərimovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Kərim Kərimovun 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2007-ci il.