Kimya və kemoinformatikada süni intellektin tətbiqi – elmi seminar
Bakı, 10 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mütəxəssislərinin iştirakı ilə “Kimya və kemoinformatikada süni intellektin tətbiqi” mövzusunda elmi seminar təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Kimya və Fizika institutlarının tədqiqatçılarının iştirakı ilə keçirilən seminar institutun Beynəlxalq əməkdaşlıq sektorunun təşkilatçılığı ilə baş tutub. Tədbir süni intellekt texnologiyalarının kimya, kemoinformatika, bioinformatika, farmakologiya və materialşünaslıq sahələrində tətbiqinə həsr olunub.
Seminarda institutun Keçid metal birləşmələri əsasında funksional materiallar laboratoriyasının müdiri dosent Faiq Məmmədov vurğulayıb ki, süni intellekt və kompüter kimyası müasir elmi tədqiqatların ayrılmaz istiqamətlərindən birinə çevrilib. Bu sahədə biliklərin artırılması xüsusilə gənc tədqiqatçıların elmi potensialının inkişafı baxımından əhəmiyyət daşıyır.
ADNSU-nun Elm departamentinin nəzdində fəaliyyət göstərən Elmi analitika və qiymətləndirmə şöbəsinin müdiri Valeh Cəfərov çıxışında Kimya İnstitutu ilə elmi əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını və qarşıdakı dövrdə birgə layihələrin həyata keçiriləcəyinə inandığını bildirib.
Daha sonra süni intellektin bioinformatika, tibb, kimya, fizika və kemoinformatika sahələrində tətbiq imkanları, ənənəvi kimya metodlarının rəqəmsal texnologiyalarla inteqrasiyası, dərman dizaynı, yeni funksional materialların hazırlanması, habelə böyük həcmli kimyəvi verilənlərin emalı və təhlili istiqamətində müasir yanaşmalar təqdim olunub. Eyni zamanda, bu texnologiyaların elmi tədqiqatların sürətləndirilməsi, nəticələrin dəqiqliyinin artırılması və innovativ həllərin hazırlanmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.