Kiyev Milli Universitetində Ukrayna-Azərbaycan mədəni diplomatiyası mövzusunda məruzə oxunub
Bakı, 4 aprel, AZƏRTAC
Taras Şevçenko adına Kiyev Milli Universiteti (KMU) Beynəlxalq Münasibətlər İnstitutunda Ukrayna ilə Azərbaycan arasında mədəni diplomatiyaya həsr edilmiş məruzə oxunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəvət olunmuş lektor qismində Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk çıxış edib.
Taras Şevçenko adına Kiyev Milli Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Beynəlxalq təşkilatlar və diplomatik xidmət kafedrasının dosenti, siyasi elmlər namizədi Roman Petyur tədbirdə giriş nitqi ilə çıxış edib. O, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, həmçinin tələbələrin mütəxəssislərlə qarşılıqlı fəaliyyətinin zəruriliyini qeyd edib.
Marına Qonçaruk iki ölkə arasında mədəni diplomatiyanın mənşəyi, ədəbi mübadilənin əhəmiyyəti və görkəmli tərcüməçilərin töhfələrindən danışıb. O, xüsusilə, şair, ədəbiyyatşünas-alim və Azərbaycan ədəbiyyatının tərcüməçisi Mıkola Miroşnıçenkonun və Ukrayna ədəbiyyatının ən görkəmli azərbaycanlı tərcüməçisi Abbas Abdullanın fəaliyyətini diqqət mərkəzində saxlayıb.
“Sistemlilik, ənənələr və düzgün müəyyən edilmiş prioritetlər vacibdir. İkitərəfli dialoqun tarixini, o cümlədən Ukrayna ədəbiyyatını Azərbaycan oxucusuna, Ukraynada isə Azərbaycan ədəbiyyatını yüksək səviyyədə təqdim etmək üçün diqqətimizi mədəni dialoqun fərdiləşdirilməsinə yönəltməliyik”, - deyə Marına Qonçaruk qeyd edib.
O, həmçinin Bakıda Ukrayna kitab rəfinin və Səməd Vurğun adına Kiyev Kitabxanasında Mıkola Miroşnıçenko adına kitabxananın açılışından da danışıb.
Mühazirədə “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” bakalavr proqramları üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbir “Mədəni diplomatiya layihələrinin həyata keçirilməsinin praktiki aspektləri” mövzusu çərçivəsində baş tutub. Tələbələr Azərbaycan ədəbiyyatının Ukrayna dilinə tərcümə edilmiş nüsxələri, xüsusilə Nizaminin “Leyli və Məcnun” poeması, Nəsiminin əsərlər toplusu, eləcə də Ukrayna ədəbiyyatı nümunələrinin Azərbaycan dilində tərcümələri - Aqafanqel Krımskinin “Nizami və onun müasirləri” monoqrafiyası və tanınmış ukraynalı şairə Lesya Ukrainkanın “Meşə nəğməsi” dram-nağılı ilə tanış olublar.