DÜNYA
Kiyev və Praqa müdafiə sənayesi sahəsində əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 7 iyul, AZƏRTAC
Ukrayna və Çexiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında məlumat yayılıb.
“Memorandumun məqsədi müxtəlif tərəfdaşlıq formaları vasitəsilə hər iki ölkənin müdafiə kompaniyaları tərəfindən həyata keçirilən hərbi-texniki əməkdaşlığa, silah-sursat istehsalına dair layihələrə dəstək verməkdir”, - deyə sənəddə bildirilir.
Memoranduma əsasən, tərəflər müdafiə sənayesi sahəsində birgə layihələri dəstəkləyəcək və iki ölkənin subyektləri arasında müqavilələr bağlanacaq.
Sənəd Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin və Çexiya müdafiə nazirinin müavini Frantişek Şults tərəfindən imzalanıb. İmzalanma mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski və Çexiyanın Baş naziri Petr Fiala iştirak ediblər.
Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Praqaya gələrək Çexiya Prezidenti Petr Pavel və yerli hakimiyyət orqanlarının digər nümayəndələri ilə danışıqlar aparıb. Ukraynanın dövlət başçısı bu gün İstanbula səfər edəcək və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşün əsas mövzusu Ukrayna böhranının həlli perspektivləri və iyulun 17-də başa çatacaq taxıl dəhlizi sazişinin müddətinin uzadılması olacaq.