KİYEVDƏ AZƏRBAYCANIN DAHİ OĞLU HEYDƏR ƏLİYEVİN ABİDƏSİ UCALDILACAQ
1997-ci ildə Ukraynaya rəsmi səfəri zamanı Heydər Əliyevə Kiyevin rəmzi açarı təqdim edilmişdi. Bu, dost Ukraynanın Azərbaycan xalqının böyük oğlu, Azərbaycan dövlətçiliyinin memarı və Ukraynanın səmimi dostu Heydər Əlirza oğlu Əliyevə hörmət və məhəbbətinin daha bir əlaməti idi.
Azərbaycan səfirliyində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, millətimizin atası Heydər Əliyevə Azərbaycanın hüdudlarından kənarda qoyulacaq ilk abidə olacaqdır. Səfir Tələt Əliyev bu abidəni hazırlamağı tanınmış xarkovlu heykəltəraş, məşhur tişə ustası, akademik Ömər Eldarovun şagirdi Seyfəddin Qurbanova etibar etmək qərarına gəlmişdir. S.Qurbanovun əsərləri dünyanın bir çox şəhərlərini bəzəyir. İndi o, gələcək monumentin eskizlərini hazırlamağa başlamışdır. Bundan sonra səfirlik onlara baxacaq və razılaşdırılmaq üçün Bakıya göndərəcəkdir. Hələlik isə, Prezident Heydər Əliyevin vəfatının qırxıncı gününədək bağda xatirə lövhəsi qoymaq qərara alınmışdır.
Kiyev şəhəri merinin elə həmin tarixli sərəncamı ilə Azərbaycan küçəsində Nizami Gəncəvinin abidəsi qoyulacaqdır. Xatırladaq ki, Azərbaycan küçəsi əvvəllər 26 Bakı komissarı adına idi, lakin səfirliyin təkidi ilə 2002-ci ildə onun adı dəyişdirilmişdir.
Beləliklə, qardaş Ukraynanın paytaxtında Azərbaycanın iki dahi oğlunun abidəsi ucalacaqdır.