SİYASƏT
Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu başçısının avtomobili yandırılmışdır


Kiyev, 5 dekabr (AZƏRTAC). Dekabrın 4-də yerli vaxtla təqribən axşam saat onda “Köhnə Bakı” restoranının yaxınlığında naməlum şəxslər Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) başçısı Hikmət Cavadovun avtomobilinin üstünə benzin töküb yandırmışlar. Bu barədə AZƏRTAC-a UABD-nin mətbuat xidmətindən məlumat vermişlər.
Restoran işçilərinin operativliyi sayəsində alovu tez söndürmək mümkün olmuşdur. Münaqişə Hikmət Cavadovun sahibi olduğu restorana gəlişindən yarım saat sonra baş vermişdir.
Şahidlər söyləyirlər ki, maşın bir anda alova bürünmüşdür. Fövqəladə vəziyyətə operativ reaksiya verən restoran inzibatçısı odsöndürənlə alovu söndürmüş və bahalı avtomobilin yanmasının qarşısını almışdır.
Avtomobilin sahibi bu hadisəni ictimai fəaliyyətlə əlaqələndirir, nə biznesdə, nə də şəxsi münasibətlərində heç bir münaqişə olmadığını bildirir. Amma son üç ildə onun diaspor təşkilatına rəhbərlik işlərində opponentləri tərəfindən fitnəkarlıqlar davam edir, bəzən təhdidlər də olur.
Xatırladırıq ki, Hikmət Cavadov artıq bir ildir ki, həmvətənlərimizin, demək olar, bütün ictimai təşkilatlarını UABD-də birləşdirmişdir.
UABD-nin mətbuat xidmətində bildirmişlər ki, hələlik konkret şübhəli bilinən şəxs yoxdur, fakt üzrə Ukrayna DİN-in əməliyyat qrupu işləyir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev