SİYASƏT
Kiyevdə Ukraynanın Azərbaycan diasporunun forumu keçiriləcəkdir
Kiyev, 16 may (AZƏRTAC). Mayın 18-də Kiyevdə “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatı (ÜİT) “Ukraynada Azərbaycan diasporunun inkişaf perspektivləri” adlı I Ümumukrayna forumu keçirəcəkdir. Bu barədə AZƏRTAC-a UABD-nin mətbuat xidmətində məlumat vermişlər.
Tədbirin tərəfdaşları Ukrayna Azərbaycanlıları Konqresi ÜİT, “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatı, M.Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Ukrayna və Azərbaycan Ziyalıları Assambleyasıdır.
Tədbirin keçirilməsindən əsas məqsəd Ukraynadakı Azərbaycan diasporunun aktual məsələlərini və perspektivlərini müzakirə etməkdir.
Forum “dəyirmi masa” formatında keçiriləcək və iki hissədən ibarət olacaqdır. Birinci hissədə Azərbaycanın elm və mədəniyyət xadimləri, xüsusi biznesin nümayəndələri Ukraynada Azərbaycan diasporunun həyatına dair aktual məsələləri müzakirə edəcəklər.
Tədbirin ikinci hissəsi gənclərə həsr olunacaqdır. “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Gəncləri” (UABDG) regional təşkilatlarının rəhbərləri, Ukraynanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, Ukraynanın azərbaycanlı gənclər təşkilatlarının nümayəndələri və digər iştirakçılar diaspor quruculuğu işində gənc nəslin fəallaşdırılması, Azərbaycan haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması məsələlərini müzakirə edəcəklər.
Forum Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində keçiriləcəkdir.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, iki dost ölkənin tanınmış ictimai-siyasi xadimləri, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, diasporumuzun üzvləri və başqaları iştirak edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev