SİYASƏT
Klaypeda şəhərindəki icmamız Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyib


Bakı, 18 iyul, AZƏRTAC
Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan Cəmiyyəti ölkəmizin ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı beynəlxalq hüquqa zidd davranışını hiddətlə qınayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, cəmiyyətin adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarın bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat verilib. Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etdiyi kimi qiymətləndirilib.
Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qaldığı vurğulanıb. Bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngitdiyi, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaratdığı bir daha diqqətə çatdırılıb.
Ermənistanın mina problemi ilə bağlı yolverilməz davranışını beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi adlandıran “Azəris” Cəmiyyəti beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.
Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyi bir daha vurğulanıb.