KOB-ların layihələrinin maliyyələşdirilməsi ilə bağlı 4-cü qrant müsabiqəsi elan edilir
Bakı, 4 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 4-cü qrant müsabiqəsi elan edir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, şərtlər aşağıdakılardır:
• Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;
• Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;
• Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;
• Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;
• Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;
• Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;
• Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına dekabrın 1-dən başlanılması nəzərə alınmalıdır;
• Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 min manat həcmində nəzərdə tutulur.
Layihə sənədlərinin qəbulu 2023-cü il avqustun 14-ü saat 09:00-dan sentyabrın 13-ü saat 18:00-dək aparılacaq (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaq).
Müsabiqə 2023-cü il sentyabrın 15-dən noyabrın 14-dək keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 2023-cü il avqustun 14-ü saat 09:00-dan sentyabrın 13-ü saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər. Müsabiqənin nəticələri barədə məlumat noyabrın 15-dən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.