Komitə sədri: “Gənc qızların təhsilinə dəstək” layihəsi onların hədəflərinə inamla irəliləməsinə şərait yaradır
Bakı, 23 iyun, AZƏRTAC
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin “Məzun günü”dür. Tədbir 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan gənc xanımların əzmkarlığını və təhsildə əldə etdikləri nailiyyətləri qeyd etmək məqsədi daşıyır. Bu təşəbbüs sosial və maddi çətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindən irəli gəlir. Bu cəsarətli addım cəmiyyətin mənfi stereotiplərinə və ictimai müqavimətə baxmayaraq təhsilin gücünə və qadının inkişafına inamın bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bahar Muradova Bakıda “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü”ndə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, tədbirdə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçıları da məzun olublar.
Bahar Muradova təhsil alan gənc qızların qazandığı uğurların gələcək nəsillərə nümunə olduğunu vurğulayıb: “Bu gün onların qazandığı uğurlar sabahın cəmiyyətini formalaşdıracaq. Bu yolda gələcəyimiz onların əlindədir”.