KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ AÇIQ MƏHKƏMƏ İCLASI OLMUŞDUR
İclasda vətəndaş İdris Hacı oğlu Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Cavab verən – Azərbaycan Respublikasının Ali Məhkəməsi işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, nümayəndələr M.Əliyev və T.Sərdarlının çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 21 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.0.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Bu işə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.