Könül Behbudova: Övladının harada basdırıldığını bilmək, onun qalıqlarını almaq valideynin təbii haqqıdır
Bakı, 4 avqust, AZƏRTAC
“Qarabağ İtkin Ailələri” İctimai Birliyində 3890 itkin ailəsi birləşib. Bu gün həmin ailələrin adından Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət etdik. İtkin düşən şəxslərin aqibəti haqqında məlumat almaq istəyirik və biz BMT qarşısında bu məsələni qaldırırıq. Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verməlidir, itkinlərimizin taleyinə aydınlıq gətirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib.
O bildirib ki, 30 ildir gözləri yolda qalan ata-analarımız övladlarının şəkillərini bağırlarına basaraq dünyasını dəyişiblər, övladlar isə itkin düşən valideynlərinin şəkilləri ilə ovunublar.
“Mən özüm itkin bacısıyam. Valideynlərim də illərdir itkin düşən övladlarının yolunu gözləyirlər. Tələb edirik ki, Ermənistan naməlum qəbirlərin, kütləvi məzarlıqların yerləri barədə Azərbaycan tərəfinə məlumat versin. Bu gün övladlarının harada basdırıldığını bilmək, onların qalıqlarını almaq valideynlərin təbii haqlarıdır”, - deyə K.Behbudova vurğulayıb.
İctimai Birliyin sədri diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra kütləvi yerlərdə basdırılan minalar nəticəsində 300-dən çox vətəndaşımız həlak olub. Buna baxmayaraq, mənfur niyyətli Ermənistan tərəfi bu gün mina xəritələrini vermir, həmçinin itkinlərimizin axtarışında da maneə törədirlər. İnanırıq ki, bizim müraciətimiz nəzərə alınacaq.