Koreya XİN rəsmisi: Azərbaycanla bütün sahələrdə əlaqələrin dərinləşdirilməsində maraqlıyıq
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sevinc Fətəliyeva diplomatik əlaqələrimizin qurulmasından ötən 30 il ərzində münasibətlərimizin davamlı inkişaf etdiyini vurğulayıb və Koreya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib.
Sevinc Fətəliyeva qonağa Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət, ermənilərin işğal dövründə törətdiyi müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri, regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın göstərdiyi səylər və aparılan sülh danışıqları barədə məlumat verib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatan ilk yaşayış məntəqələrinə məcburi köçkünlərin qaytarılması prosesinə start verilib.
Parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərdə mühüm olduğunu deyən Sevinc Fətəliyeva bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib. Parlamentlərin Azərbaycan və Koreya arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib. Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərinin dağıdılmasını təəssüflə qeyd edən qonaq işğaldan azad edilmiş ərazilərdə ölkəmizin bərpa və yenidənqurma işində nailiyyətlərinin təqdirəlayiq olduğunu bildirib. Bek Cuhyonun iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq və digər rəsmi şəxslər iştirak ediblər.