Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair ictimai müzakirə keçirilib
Bakı, 7 avqust, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Elm və Təhsil Nazirliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.17, 2.4, və 1.7-ci bəndlərinin ilkin və aralıq nəticələrinin ictimai müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, Günel Səfərova, İlqar Orucov, Zaur İbrahimov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb.
İctimai müzakirə zamanı ölkəmizdə aparılan təhsil islahatları, təhsil sistemində fəaliyyətlərin elektronlaşdırılması, qeyri-hökumət təşkilatlarının aparılan islahatlarda rolu, mövcud vəziyyət və perspektivlər mövzusunda iştirakçılara geniş məlumat verilib. Eyni zamanda, Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırılıb.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və QHT-lərin mövzu ilə bağlı sualları cavablandırılıb.