Kosovonun şimalındakı bələdiyyələrdə təhlükəsizliyi təmin edən polis əməkdaşlarının sayı yenidən azaldılıb
Belqrad, 4 avqust, AZƏRTAC
Kosovonun şimalında əsasən serblərin yaşadıqları 4 bələdiyyədə təhlükəsizliyi təmin edən polis əməkdaşların sayı yenidən azaldılıb.
AZƏRTAC xəbər verir ki, Kosovo polisi avqustun 4-dən etibarən bələdiyyə binalarında və ətrafındakı təhlükəsizlik qüvvələrinin şəxsi heyətinin sayının daha 25 faiz azaldıldığını açıqlayıb. Bildirilib ki, NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) və Avropa İttifaqının Qanunun Aliliyi Missiyasının (EULEX) nümayəndələri ilə bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün görüş keçirilib. Kosovo polisi, KFOR və EULEX-in birgə qiymətləndirməsindən sonra bu barədə qərar qəbul olunub. Görüşlərin mütəmadi davam etdiriləcəyi və bölgədəki təhlükəsizlik vəziyyətinə uyğun olaraq lazımi addımların atılacağı vurğulanıb.
Qeyd edək ki, Kosovo hökuməti iyulun 10-da ölkənin şimalında gərginliyin azaldılmasına dair Avropa İttifaqı ilə razılığa gəlib, iyulun 13-də isə bələdiyyə binaları və ətrafında təhlükəsizlik qüvvələrinin şəxsi heyətinin sayı 25 faiz azaldılıb.
Kosovo hökuməti serblərin yaşadığı 4 bələdiyyədə növbədənkənar yerli seçkilər keçirəcəyini, lakin bunun gərginlik tamamilə azaldıqdan sonra mümkün olacağını açıqlayıb.
Xatırladaq ki, aprelin 23-də Kosovonun şimalındakı Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində keçirilən yerli seçkilərdə alban mənşəli şəxslərin mer seçilməsi bu bölgədə yaşayan serblərin etirazına səbəb olub. Mayın 26-da bölgədə nümayişlər başlayıb, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri arasında qarşıdurmalar olub. Nəticədə KFOR bölgədəki şəxsi heyətinin sayını artırmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad