Kür çayının aşağı axınında suyun səviyyəsi 5 santimetr artıb
Bakı, 31 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 63 kubmetr olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 86 kubmetr olmaqla ongünlük normanın 71 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 10,5 kubmetr olmaqla ongünlük normanın 15 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 22 kubmetr təşkil edərək ongünlük normanın 32 faizinə bərabər olub.
Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində 5 santimetr artım qeydə alınıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 3, Bankədə 4 santimetr artım, Surra məntəqəsində 4 santimetr azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 347 (2016-cı il avqustun 31-də 372 sm), Salyanda 153 (2016-cı il avqustun 31-də 155 sm), Bankədə 187 (2016-cı il avqustun 31-də 180 sm), Araz çayının Novruzlu məntəqəsində isə 52 santimetr (2016-cı il avqustun 31-də 88 sm) təşkil edir.