Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 16 santimetr azalıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 110 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 60 kubmetr olmaqla ongünlük normanın 49 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 100 kubmetr olmaqla ongünlük normanın 82 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 10 kubmetr olmaqla ongünlük normanın 14 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 26 kubmetr təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.
Sentyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 16, Salyanda 13, Bankədə 8, Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində isə 1 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 (2016-cı il sentyabrın 5-də 473 sm), Salyanda 117 (2016-cı il sentyabrın 5-də 230 sm), Bankədə 177 (2016-cı il sentyabrın 5-də 209 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 santimetr (2016-cı il sentyabrın 5-də 178 sm) təşkil edir.