KÜVEYTDƏ İLK DƏFƏ QADIN NAZİR VƏZİFƏSİNƏ TƏYİN EDİLƏCƏK
Dövlət başçısı Cabir Əl-Əhməd Əs-Sabahın bacısı Əmsal Əl-Əhməd Əs-Sabah əmirliyin Təbiəti Mühafizə Nazirliyinə başçılıq edəcəkdir.
O, bu sahədə, habelə ətraf mühitin təmizlənməsinə dair könüllülər kampaniyalarının təşkili sahəsində fəaliyyəti ilə tanınır.
Şərhçilər Əmsal Əl-Əhməd Əs-Sabahın nazir vəzifəsinə təyin olunmasını hökumətin qadınlara siyasi hüquqlar verilməsinə və ölkənin ictimai həyatında onların iştirakının genişləndirilməsinə yönəldilmiş xəttinin təsdiqi kimi qiymətləndirirlər.
Bir qədər əvvəl hökumətin qadınlara siyasi hüquqlar verilməsinə dair Milli Məclisə təqdim etdiyi Konstitusiyaya dəyişikliklər layihəsi qəbul edilməmişdi.
Küveyt İran körfəzində qadının nazir vəzifəsinə təyin ediləcəyi ikinci ölkə olacaqdır. Martın əvvəllərində Oman sultanlığında Raviyyə Əl-Busaydiyyə ali təhsil və maarif naziri təyin edilmişdir.